Yanvarın 23-də Azərbaycan hökuməti əsas iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyinin “İnterfaks-Azərbaycan” agentliyinin redaksiyasına daxil olmuş məlumatında deyilir.
“Bu, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv edilməsi haqqında Konvensiyaya uyğun olaraq ölkəmizin Ermənistana qarşı qaldırdığı beynəlxalq məhkəmə proseslərində mühüm inkişafdır. Məhkəməyə təqdim edilmiş əsas iddia sənədi otuz illik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillərə əsaslanır. Sənəd Ermənistan tərəfindən ən dəhşətli aktlardan biri olan etnik və milli mənsubiyyətə görə təmizləmə nəticəsində qətlə yetirilmiş, didərgin salınmış və zərər çəkmiş azərbaycanlılar haqqında ətraflı məlumatları ehtiva edir”, - deyə məlumatda bildirilir.
Azərbaycan tərəfi təqdim edilmiş müfəssəl sübutlar əsasında, azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair vəsatətin təmin olunmasını məhkəmədən tələb edib. Xüsusilə, etnik təmizləmə, o cümlədən qəsdən həyatdan və mülkiyyət hüququndan məhrumetmə, işgəncə, mədəni irsin məhvi, erməni əhalisi arasında azərbaycanlılara qarşı nifrətin təbliği və Ermənistanda nifrət zəminində yaradılmış silahlı qruplara dövlət yardımı ilə bağlı Ermənistan hökumətinin məsuliyyət daşıdığının bəyan edilməsi üçün müraciət ünvanlanıb.
Azərbaycan tərəfinin müraciətində, həmçinin Ermənistanın itkin düşmüş azərbaycanlılara dair bütün məlumatları açıqlamaqla bağlı öhdəliklərini yerinə yetirməsinin, qanunsuz ələ keçirilmiş bütün əmlak və torpaqları azərbaycanlılara geri qaytarmasının, nifrət zəminində təbliğatı dayandırmasının və insan hüquqlarının otuz il ərzində pozulmasına görə məsuliyyətə cəlb olunmasının vacib olduğu vurğulanıb.*
R.Kərimov