Azərbaycan hökuməti sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin 2024-cü il yanvarın 1-dək uzadılmasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Milli Məclisdən məlumat verilib.
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2023-cü ilin yanvarın 1-də bitib.
“Parlamentə təqdim edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin daha bir il - 2024-cü il yanvarın 1-dək uzadılmasını nəzərdə tutur. Dəyişkliklər yanvarın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında təsdiq edilib”, - deyə məlumatda bildirilir.
Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin uzadılması parlamentin fevralda keçiriləcək plenar iclasında müzakirə olunacaq.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində yoxlamaları dayandırıb. Qanuna əsasən, yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar, habelə tikintiyə və özəl tibb müəssisələrinin fəaliyyətinə dövlət nəzarəti çərçivəsində yoxlamalar aparıla bilər.*
R.Əhmədov