Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov yanvarın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.
“Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı məsələlər nəzərdən keçirilib. Yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə xüsusi diqqət ayrılıb”, - deyə Özbəkistan Prezidentinin saytında bildirilir.
Görüşdə qarşılıqlı ticarətin artması, avtomobil istehsalı, pambıq-tekstil və ipəkçilik klasterlərinin yaradılması üzrə kooperasiya layihələrinin həyata keçirilməsinin gedişi məmnunluqla qeyd olunub.
“Bundan başqa, neft-qaz və kimya sahələrində iri layihələr işlənib hazırlanır. Müştərək investisiya fondu yaradılır”, - deyə məlumatda qeyd olunur.
Mirziyoyev və Bayramov, həmçinin beynəlxalq və regional qurumlar, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT), Qoşulmama Hərəkatı (QH) və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Qeyd edək ki, yanvarın 24-də xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 26-cı iclasında iştirak etmək məqsədilə Özbəkistanın Daşkənd şəhərinə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir yüksək səviyyəli ikitərəfli görüşlər də keçirir.*
R.Kərimov