“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və “StarMining” şirkəti Ağdam rayonunda (Qarabağ regionu) Şahbulaq yatağının işlənməsi məqsədilə “Shahbulaq Mining” şirkətini təsis edib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkələrdə yazıb ki, işğaldan azad edilmiş ərazilərimizdə reallaşdırılacaq Şahbulaq daş karxanası layihəsinə dair müsabiqənin qalibi “StarMining” şirkəti olub.
“Hazırda Ağdam rayonunda yerləşən Şahbulaq yatağının ehtiyatının dəqiqləşdirilməsi məqsədilə geoloji tədqiqat işləri aparılır”, - Cabbarov vurğulayıb.
Nazir digər təfərrüatları qeyd etməyib.
“StarMining” 2017-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 224 milyon manata bərabərdir və bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onlara uzunmüddətli sərmayə qoyuluşları həyata keçirməkdir. **
R.Əhmədov