31 dekabr 2022-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri rekord 47 milyard 54,9 milyon manat məbləğində qiymətləndirilir. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2021-ci il tarixinə bankların aktivləri 38 milyard 462,2 milyon manat məbləğində olub. Beləliklə, 2022-ci ildə bankların aktivləri 22,3% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Dekabrda bankların aktivləri 3,4% və ya 1 milyard 564,7 milyon manat artıb.
2022-ci ilin sonuna bankların kredit portfeli 19 milyard 594,35 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 17,6% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 622,09 milyon manat (artım 13,1% - İF) təşkil edir.
Bankların öhdəlikləri 41 milyard 432,8 milyon manata (artım 23,7%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 217 milyon manat məbləğində (azalma 32%) qiymətləndirilir. Banklarda depozit portfeli 33 milyard 762,56 milyon manat (artım 25,3%), o cümlədən əhalinin əmanətləri 11 milyard 482,95 milyon manat (artım 27,1%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2022-ci ildə bankların ümumi xalis mənfəəti 914,47 milyon manat təşkil edib (2021-ci illə müqayisədə artım 50,2% - İF).
Hesabat dövründə bankların faiz gəlirləri 2 milyard 738,8 milyon manat (artım 30%), o cümlədən verilmiş kreditlər üzrə 2 milyard 194,4 milyon manat (artım 28,5%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 1 milyard 215,97 milyon manat məbləğində (artım 38,8%) olub.
Bu dövrdə bankların faiz xərcləri 657,8 milyon manat (artım 22,2%), o cümlədən depozitlər üzrə 458,98 milyon manat (artım 26,7%), qeyri-faiz xərcləri 1 milyard 885,2 milyon manat (artım 28,2%) təşkil edib.
2022-ci ilin yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 1 milyard 371,35 milyon manat (artım 45,5%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 1 milyard 175,96 milyon manat (artım 1,5 dəfə), mənfəət vergisi üzrə ödənişlər 261,48 milyon manat (artım 57,9%) məbləğində qiymətləndirilir.
31 dekabr 2022-ci il tarixinə respublikada 25 bank fəaliyyət göstərir. Bu bankların 11-i xarici kapitallıdır.
Bankların 487 filialı (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,7%) və 91 şöbəsi (2021-ci ilin sonuna 97) var.
Bank sektorunda 22,777 min nəfər (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 12% - İF) çalışır.**
X.Nəsirzadə