2022-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 milyard 710 milyon 239,41 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 23,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,04%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Azərbaycan Rusiyaya $975 milyon 456,33 min dəyərində (artım 5,9%) məhsul ixrac edib. Bütövlükdə, Azərbaycandan ixracın 2,56%-i Rusiyanın payına düşüb. Ötən ilin yekunları üzrə Rusiya Azərbaycan məhsullarının ixrac olunduğu ölkələr arasında 7-ci yerdədir.
Ötən il Rusiyadan Azərbaycana idxalın həcmi $2 milyard 734 milyon 783,08 min (artım 31,8%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 18,81% Rusiyadan idxalın payına düşüb. 2022-ci ilin yekunları üzrə Rusiya Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında 1-ci mövqeyini qoruyub.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $1 milyard 759 milyon 326,75 min təşkil edib.
2021-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 995 milyon 131,31 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 12,1% çoxdur.**
B.Rüstəmbəyov