2022-ci ildə Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 17,9% - 20 milyard 183,98 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Dekabrda bankların və BOKT-ların kredit portfeli 0,2% və ya 34,7 milyon manat azalıb.
Dekabrın sonuna vaxtı keçmiş kreditlərin həcmi 593,7 milyon manat (hesabat dövründə azalma 17,5% - İF) və ya bütün kreditlərin 2,9%-ni (2021-ci ilin sonuna 4,2%) təşkil edir.
2022-ci il dekabrın 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 3 milyard 852,3 milyon manat (artım 15,6%) və ya bütün kreditlərin 19,1%-i, özəl banklar tərəfindən 15 milyard 742,05 milyon manat (artım 18,1%) və ya bütün kreditlərin 78%-i həcmində kredit verilib. Qalan 589,6 milyon manat (artım 28%) bank olmayan kredit təşkilatlarının payına düşür.
Dekabrın sonuna verilmiş kreditlərin ümumi həcmindən 16 milyard 194,3 milyon manat (artım 27,5%) milli valyuta, 3 milyard 989,65 milyon manat (azalma 9,8%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 19,8% (2021-ci ilin sonuna 25,8%) təşkil edir.
Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 302,95 milyon manat (bütün kreditlərin 16,4%-i) ticarət və xidmət sahələrinin, 649,86 milyon manat (3,2%) mədən sənayesi və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektorunun, 629,08 milyon manat (3,1%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 97,37 milyon manat (5,4%) tikinti və daşınmaz əmlak sahələrinin, 1 milyard 59,78 milyon manat (5,3%) sənaye və istehsal sektorunun, 792,66 milyon manat (3,9%) nəqliyyat və rabitə sahələrinin, 11 milyard 273,07 milyon manat (55,9%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
2022-ci ildə bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 31% artıb (dekabrda artım 1,2% və ya 138,1 milyon manat təşkil edib).*
X.Nəsirzadə