2022-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları tərəfindən 422,51 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2021-ci ilin göstəricisindən 18,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat ilində İKZF 406,79 milyon manat məbləğində krediti təkrar maliyyələşdirib (2021-ci illə müqayisədə azalma 0,8%).
2022-ci ildə İKZF ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 95 milyon manat vəsait (artım 33,8%) alıb. Fond dekabrda dövlət büdcəsindən vəsait almayıb.
Hesabat dövründə İKZF istiqrazların yerləşdirilməsindən 450 milyon manat (artım 1,6 dəfə), dekabrda 75 milyon manat cəlb edib.
2022-ci ilin dekabr ayında verilmiş ipoteka kreditinin orta həcmi 58,08 min manat təşkil edib. Kreditlər 282 ay müddətinə və illik 6,34% dərəcəsi ilə verilib.
2021-ci ildə İKZF-nin müvəkkil bankları tərəfindən 356,2 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
X.Nəsirzadə