Qazın cari qiymətləri kifayət qədər obyektivdir. BP-nin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli belə hesab edir.
“Bu gün qazın qiyməti kifayət qədər yaxşıdır. Bugünkü bazar qiyməti hansı bazardan – Avropa bazarından, Türkiyə bazarından və digər bazarlardan danışmağımızdan asılı olaraq fərqlənir. Lakin istənilən halda bu qiymət kifayət qədər obyektivdir və belə demək mümkündür ki, “Şahdəniz Mərhələ-2” layihəsi ilə bağlı qərar qəbul edərkən planlaşdırdığımızdan çoxdur”, - deyə B.Aslanbəyli CBC telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə qazın qiymətinin necə dəyişəcəyi Avropanın qaz tədarükünü nə dərəcədə şaxələndirə biləcəyindən, eləcə də maye qaz tədarükündən, enerji səmərəliliyi məsələlərinin həllindən və Rusiya qazının Avropa bazarına tədarükü ilə bağlı vəziyyətdən asılı olacaq.
“Buna baxmayaraq, bu gün qiymət kifayət qədər obyektivdir”, - deyə vitse-prezident vurğulayıb.
Neft qiymətlərinə toxunan B.Aslanbəyli qeyd edib ki, indiki qiymətləri gələcək investisiyalar üçün cəlbedici hesab edir.
“Hazırda neftin qiyməti, təəssüf ki, təkcə tələb və təklif məsələsi, yəni iqtisadi məsələ deyil, həm də nəzərə alınmalı olan mürəkkəb amillər kompleksidir. Bu, həm siyasət, həm iqtisadiyyat, həm geosiyasət, həm hərbi əməliyyatlar və sairdir. Bugünkü qiymət kifayət qədər müsbət, gələcək investisiyalar üçün yetərli dərəcədə proqressiv olsa da, biz xərclərimizi azaltmağa, yeni texnologiyaları maksimum dərəcədə tətbiq etməyə çalışırıq ki, qiymətin nə vaxtsa ucuzlaşacağı halda məhsullarımızın rəqabət qabiliyyəti heç bir halda aşağı düşməsin”, - deyə o bildirib.
Şirkətin vitse-prezidenti əlavə edib ki, BP qiymət səviyyəsindən asılı olmayaraq neft və qaz tədarükünü maksimum dərəcədə artırmağı hədəfləyib və 2023-cü ildə bu istiqamətdə işləyəcək.
“Əgər makroiqtisadi miqyasda danışsaq, 2023-cü ildə hər şey geosiyasi dəyişikliklərin necə olacağından asılı olacaq. Avropadakı vəziyyət və Ukrayna ərazisinin bir hissəsinin işğalı ilə bağlı vəziyyət davam edərsə, təəssüf ki, neft və qaz bazarlarında gərginlik davam edəcək”, - deyə B.Aslanbəyli əlavə edib.*
N.Abbasova