Maliyyə naziri Samir Şərifov Bakıda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Mərkəzi və Şərqi Avropa regionu üzrə yeni direktoru Rana Karadşehlə görüşdə Azərbaycanın IFC ilə əməkdaşlığını müzakirə edib.
Maliyyə Nazirliyindən verilən məlumata görə, görüşdə Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən ölkə üzrə investisiya mühitinin təkmilləşdirilməsi, kənd təsərrüfatı rəqabətliliyi və maliyyə resurslarına çıxış, korporativ idarəetmə, kiçik və orta sahibkarlığın, maliyyə bazarının inkişafı, dövlət-özəl sektor tərəfdaşlığı, dənizdə külək enerjisi də daxil olmaqla bərpa olunan enerji layihələri üzrə maliyyə-texniki dəstək layihələrinin əhəmiyyəti qeyd olunub.
Rana Karadşeh təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edib, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək IFC-nin Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Azərbaycan 1995 ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş layihələrə $500 milyona yaxın (o cümlədən digər kreditorlardan cəlb edilmiş $73 milyon) məbləğində investisiyalar edib. Bundan əlavə, IFC Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşa edilməsinə $250 milyon ayırıb.*
R.Əhmədov