Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı terror hücumu barədə bəyanatla çıxış edib, məlumat verir ki, diplomatik missiyanın təhlükəsizliyini gücləndirilməsi ilə bağlı tədbirlərin görülməsinin zəruriliyi barədə Tehrana xəbərdarlıq edib.
“Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı həyata keçirilmiş xain terror hücumunu şiddətlə qınayırıq. Səfirliyin yerləşdiyi ölkə olaraq İran tərəfi Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsinin və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq öhdəliyini yerinə yetirməli idi”, - cümə günü “İnterfaks-Azərbaycan”ın redasiyasına daxil olan XİN-in bəyanatında qeyd olunur.
Nazirlikdən bildirilir ki, İrandakı diplomatik missiyamıza qarşı əvvəllər də təhdid cəhdləri olub, bu kimi halların qarşısının alınması, diplomatik missiyalarımızın təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görülməsi İran qarşısında davamlı qaldırılıb. “Təəssüf ki, son qanlı terror hücumu bu istiqamətdə təkidli müraciətlərimizə lazımi həssaslıq göstərilməməsinin ağır fəsadlarını nümayiş etdirir”, - XİN-dən vurğulanır.
Bakı insidentlə bağlı Tehrandan sözügedən terror hücumunu törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edir.
“Azərbaycan tərəfi günahkarların müəyyən edilərək layiqli cəza almasını təmin etmək üçün müvafiq beynəlxalq mexanizmlərin verdiyi bütün imkanlardan istifadə edəcək”, - bəyanatda deyilir.
Bundan əlavə, Azərbaycanın İrandakı səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyyəsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verir ki, 27 yanvar tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı hesab edir və bunu törədən şəxslərin cəzalandırmasını tələb edib. “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”, - Əliyev Twiter hesabında yazıb.
İran mətbuatı Tehran polis rəisinə Hüseyn Rəhimiyə istinadən məlumat verir ki, hücum edən şəxs 50 yaşında kişi olub. İran tərəfinin məlumatına görə, o, səfirliyin inzibati binasına 2 azyaşlı uşaq - 14 yaşlı qız və 7 yaşlı oğlan ilə birlikdə avtomobillə gəlib. O, səfirlik binasına daxil olub, binanın girişində atəş açıb.
Saxlanılan şəxs sorğuda şəxsi və ailə problemlərinə görə Azərbaycan diplomatik nümayəndəliyinə hücum etdiyini qeyd edib. **
X.Nəsirzadə