Dövlət Təhlükəsizlik Xidmətində (DTX) Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı cinayət işi başlanılıb.
“İnterfaks-Azərbaycan”a DTX-dən verilən məlumata əsasən, cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi (Qəsdən adam öldürmə, Terrorçuluq və s.) ilə başlanılıb.
“İran İslam Respublikasının aidiyyəti qurumlarına aparılan araşdırmalarla bağlı zəruri məsələlərin həllinə dair müraciət edilib”, - Xidmətdən bildirilir.
DTX-dən qeyd olunub ki, Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terrorçuluq əməlləri ilə bağlı bütün halların tam və hərtərəfli araşdırılması təmin ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verir ki, 27 yanvar tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı hesab edir və bunu törədən şəxslərin cəzalandırmasını tələb edib. “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”, - Əliyev Twiter hesabında yazıb.
İran mətbuatı Tehran polis rəisinə Hüseyn Rəhimiyə istinadən məlumat verir ki, hücum edən şəxs 50 yaşında kişi olub. İran tərəfinin məlumatına görə, o, səfirliyin inzibati binasına 2 azyaşlı uşaq - 14 yaşlı qız və 7 yaşlı oğlan ilə birlikdə avtomobillə gəlib. O, səfirlik binasına daxil olub, binanın girişində atəş açıb.
Saxlanılan şəxs sorğuda şəxsi və ailə problemlərinə görə Azərbaycan diplomatik nümayəndəliyinə hücum etdiyini qeyd edib. **
B.Rüstəmbəyov