İran Xarici Işlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə ölümlə nəticələnən silahlı hücumu pisləyib, hadisənin təcili surətdə və xüsusi diqqətlə araşdırıldığını qeyd edib.
«Cümə günü yayılan açıqlamada İran Xarici Işlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kanaani Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının bu gün səhər saatlarında həlak olduğu silahlı hücumu qəti şəkildə pisləyib», - İranın Tasnim agentliyi yazır.
Kanaani qeyd edib ki, «bu iş təcili surətdə və xüsusi diqqətlə araşdırılır», həlak olan şəxsin ailəsinə, Azərbaycan hökumətinə və xalqına başsağlığı verib.
O məlumat verib ki, İranın hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan hücum edən şəxsin dindirilməsi aparılır.
Kasaani əlavə edib ki, ilkin məlumatlara əsasən, hücum şəxsi səbəblərdən törədilib.
Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verir ki, 27 yanvar tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı hesab edir və bunu törədən şəxslərin cəzalandırmasını tələb edib. “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”, - Əliyev Twiter hesabında yazıb.
İran mətbuatı Tehran polis rəisinə Hüseyn Rəhimiyə istinadən məlumat verir ki, hücum edən şəxs 50 yaşında kişi olub. O, səfirlik binasına daxil olub, binanın girişində atəş açıb. **
R.Kərimov