İranın xarici işlər və daxili işlər nazirləri Hüseyn Əmir Abdullahianvə Əhməd Vahidi cümə günü Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu müzakirə ediblər. Bu barədə İranın Mehr agentliyi məlumat verir.
“Cümə günü xarici işlər və daxili işlər nazirləri Hüseyn Əmir Abdullahianvə Əhməd Vahidi silahlı hücumun (səfirliyə - İF) məqsəd və səbəblərini müzakirə məqsədilə Tehranda görüş keçiriblər”, - nəşr yazır.
Agentlik qeyd edir ki, İran tərəfindən Tehranda Azərbaycan səfirliyinin və diplomatların normal fəaliyyətinin davam etdirilməsini təmin etmək üçün lazımi təhlükəsizlik tədbirləri görülüb.
Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verir ki, 27 yanvar tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı hesab edir və bunu törədən şəxslərin cəzalandırmasını tələb edib. “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”, - Əliyev Twiter hesabında yazıb.
İran mətbuatı Tehran polis rəisinə Hüseyn Rəhimiyə istinadən məlumat verir ki, hücum edən şəxs 50 yaşında kişi olub. O, səfirlik binasına daxil olub, binanın girişində atəş açıb. İranın rəsmi şəxslərinin versiyasına görə, guya cinayətkar hücumu şəxsi və ailə problemləri səbəbindən törədib. **
R.Kərimov