Cümə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianilə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu ilə əlaqədar telefon danışığı olub.
“Telefon danışığı zamanı Abdullahian Azərbaycan səfirliyinə hücumu pisləyərək, bu gün baş verən hadisədən iki ölkənin düşmənlərinin sui-istifadə etdiyini bildirib", - İranın ISNA agentliyinin məlumatında deyilir.
Həmçinin İran XİN başçısı vurğulayıb ki, Bakı və Tehran baş verənlərin iki ölkə arasındakı qarşılıqlı münasibətlərə mənfi təsir göstərməsinə imkan verməməlidir.
«Hadisənin müxtəlif aspektlərini aydınlaşdırmaq məqsədilə Abdullahian təklif edib ki, iki ölkənin təhlükəsizlik orqanları bu məsələni bir-biri ilə sıx əməkdaşlıqla araşdırsınlar», - nəşr qeyd edir.
Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verir ki, 27 yanvar tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı hesab edir və bunu törədən şəxslərin cəzalandırmasını tələb edib. “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”, - Əliyev Twiter hesabında yazıb. **
N.Abbasova