İran prezidenti İbrahim Rəisi Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayaraq məhkəmə və polis orqanlarına bu işin hərtərəfli araşdırılmasını əmr edib.
«Mən qardaş və qonşu Azərbaycanın səfirliyinə hücum ilə bağlı faciəli hadisəni qınamaq istərdim», - siyasi məsələlər üzrə vitse-prezident Məhəmməd Cəmşidi Twitter hesabında yazıb.
«Bu kədərli xəbəri aldıqdan dərhal sonra Ayətullah Rəisi hərtərəfli araşdırma aparmağı əmr edib və hökumətə, Azərbaycan xalqına və mərhum diplomatın ailəsinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını diləyib», - IRNA agentliyi Cəmşidinin sözlərindən sitat gətirir.
Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verir ki, 27 yanvar tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı hesab edir və bunu törədən şəxslərin cəzalandırmasını tələb edib. “Bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıram. Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bu terror aktının tezliklə araşdırılacağını və terrorçuların cəzalandırılacağını tələb edirik. Diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”, - Əliyev Twiter hesabında yazıb. **
N.Abbasova