Cümə günü İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə telefon danışığı zamanı Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxsin yüksək cəzaya məruz qalacağını bildirib.
“Bayramov bir nəfər əməkdaşın şəhid olduğu və iki nəfər əməkdaşın yaralandığı İrandakı səfirliyimizə olan terror hücumunu qətiyyətlə pisləyib və şiddətlə qınayıb. “Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası”ndan irəli gələrək İran tərəfinin səfirliyin binasını hər cür hücumlardan qorunmasının və onun əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsinin İran tərəfinin vəzifəsi olduğunu qarşı tərəfə xatırladıb”. – Azərbaycan XİN-in məlumatında deyilir.
Həmçinin, Bayramov İranın səlahiyyətli qurumları tərəfindən terror aktını törədən şəxsin tezliklə məsuliyyətə cəlb olunmasını, terror aktının hərtərəfli araşdırılmasını, cinayətin təşkili və törədilməsində əli olan digər iştirakçıların müəyyənləşdirilməsini və cəzalandırılmasını qarşı tərəfdən tələb edib.
“Abdullahian İranın aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən məsələnin araşdırıldığı, Azərbaycanın səfirliyinin və heyətinin təhlükəsizliyinin ən yüksək səviyyəyə qaldırıldığını diqqətə çatdırıb.O cümlədən, nazir saxlanılan şəxsə qarşı silah daşımaq və diplomatın qətlə yetirilməsi üzrə cinayət işi açıldığını, onun yüksək cəzaya məruz qalacağını bildirib”, - məlumatda deyilir.
İran XİN başçısı məlumat verib ki, səfirliyin yerləşdiyi ərazidən məsul olan İranın diplomatik polis qurumunun fəaliyyəti araşdırılır.
“İranlı nazir bu hadisə nəticəsində iki ölkə arasında münasibətlərin daha da gərginləşməyəcəyinə ümid ifadə edib”, - məlumatda vurğulanır. **
N.Abbasova