Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı və Qahirə siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirəcək.
“Səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Misir-Azərbaycan əlaqələrinin inkişafı üçün çox mühüm addım olacaqdır. Biz indicə təkbətək görüşümüzdə bir çox məsələləri müzakirə etdik. Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı bizim fikir ayrılığımız yoxdur. Bir çox sahələrdə əməkdaşlıq üçün çox gözəl imkanlar var. Əminəm, əldə olunmuş razılaşmaları biz səfərdən sonra icra edəcəyik”, - Əliyev şənbə günü Bakıda Misir prezidenti Əbdülfəttah Əs-Sisi ilə geniş tərkibdə görüşdə bildirib.
Əliyev vurğulaylb ki, dünən Misir prezidentinin Azərbaycanın iş adamları ilə görüşü olub. “Məndə olan məlumata görə, görüşün çox gözəl nəticələri olmuşdur. Əlbəttə ki, biznes dairələrinin birgə fəaliyyəti bizim əlaqələrimizi daha da gücləndirəcək. Biz gələcək əməkdaşlıq sahələri də müəyyən etdik. Əminəm ki, həm qarşılıqlı sərmayə qoyuluşu, həm ticarət dövriyyəsinin artırılması yaxın gələcəkdə mümkün olacaq”, - o qeyd edib.
Dövlət başçısı bildirib ki, tərəflər siyasi əlaqələrin gücləndirilməsi məsələlərinə, o cümlədən beynəlxalq təşkilatlardakı birgə fəaliyyəti gücləndirməyə diqqət ayırmalıdırlar.
Öz növbəsində, Misir prezidenti Azərbaycanın Tehrandakı səfirliyinə baş vermiş hücumla əlaqədar başsağlığı verib.
O qeyd edib ki, istər siyasi, istər iqtisadi, istər digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində hər iki tərəfin siyasi iradəsinin mövcudluğu bu əlaqələrin tez bir zamanda daha da gücləndiriləcəyinə əminlik yaradır.
Misir prezidenti bildirib ki, razılaşmaya əsasən, iki ölkənin investorları üçün əlverişli şərait yaradılacaq, həmçinin əczaçılıq sahəsində müştərək müəssisələrin və müştərək investisiyaların yaradılması barədə söz açıb. **
V.Əliyev