Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı və Qahirə beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəni gücləndirəcək.
Əliyev şənbə günü Bakıda Misir prezidenti Əbdülfəttah Əs-Sisi ilə mətbuata birgə bəyanatlarla çıxışında bildirib ki, bugünkü danışıqlar zamanı dövlət başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər, gələcəkdə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək üçün fikir mübadiləsi aparıblar.
“Beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəmizi gücləndirmək qərarına gəldik, buna böyük ehtiyac var. Çünki beynəlxalq terrorçuluq bütün dünya üçün böyük təhdiddir və bu təhlükəyə qarşı ancaq səylərin birləşdirilməsi nəticəsində uğurla mübarizə aparmaq mümkün olacaq”, - Əliyev deyib.
O, həmçinin dünyada müzakirə edilən, BMT-dəki islahatlar mövzusuna toxunub. “Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar”, - Əliyev vurğulayıb.
Azərbaycan prezidenti əlavə edib ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcək. **
V.Əliyev