Şənbə günü Azərbaycan və İsrail prezidentləri İlham Əliyev ilə İsxak Hersoq arasında telefon danışığı olub.
Söhbət İsrail tərəfinin təşəbbüsü ilə baş tutub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat verir.
“Telefon danışığı əsnasında İsrail prezidenti Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını qınadığını bildirib. Səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə əlaqədar prezident Əliyevə, mərhumun yaxınlarına və Azərbaycan xalqına başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib”, - məlumatda qeyd olunur.
Azərbaycan prezidenti başsağlığına görə təşəkkürünü bildirib.
Öz növbəsində, Əliyev səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini vurğulayıb. “Azərbaycan prezidenti avtomat silah və çoxlu sayda güllə daraqları ilə silahlanmış terrorçunun tərk-silah olunmadığı təqdirdə, səfirliyin digər əməkdaşlarını və onların səfirliyin binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini diqqətə çatdırıb”, - məlumatda vurğulanır.
Azərbaycan prezidenti İsraildə törədilən terror aktı ilə əlaqədar prezident Hersoqa və həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.
İsrail prezidenti başsağlığına görə Azərbaycanın dövlət başçısına minnətdarlığını ifadə edib.
“Prezident İƏliyev bildirib ki, terrorizmdən əziyyət çəkən dövlət olaraq Azərbaycan motivlərindən asılı olmayaraq, terrorizmin bütün forma və təzahürlərini pisləyir”, - Azərbaycan prezidentinin mətbuat xidməti qeyd edir.
Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verir ki, 27 yanvar tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumu terror aktı hesab edir və bunu törədən şəxslərin cəzalandırmasını tələb edib.
İran mətbuatı Tehran polis rəisi Hüseyn Rəhimiyə istinadən məlumat verir ki, saxlanılan şəxs 50 yaşında kişi olub. **
R.Əhmədov