Şənbə günü Azərbaycan prezidenti İlham Əliyev ilə iranlı həmkarı Seyid İbrahim Rəisi arasında telefon danışığı olub, tərəflər Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu müzakirə ediblər.
Söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat verir.
Prezident Rəisi Azərbaycanın Tehrandakı səfirliyinin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun həlak olması ilə bağlı prezident İlham Əliyevə və mərhumun ailəsinə başsağlığını ifadə edib və yaralananların tezliklə şəfa tapmasını arzulayıb.
“Əliyev Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını bildirib, bu qanlı terror aktının hərtərəfli araşdırılacağına və cinayətkarların layiqli cəzalarını alacaqlarına ümidvar olduğunu qeyd edib. Həmçinin Əliyev istintaqın şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb”, - məlumatda deyilir.
Söhbət zamanı Əliyev səfirliyin digər mühafizə əməkdaşının əliyalın şəkildə terrorçunun üzərinə atıldığını, qorxmaz və çevik hərəkətləri ilə onu tərk-silah etdiyini bildirib. O, terrorçu tərk-silah olunmasaydı, səfirliyin digər əməkdaşlarını və onların səfirlik binasının mənzillər bölməsində yaşayan ailə üzvlərini də hədəfə alacağının istisna edilmədiyini deyib.
“Prezident Əliyev diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb”, - Azərbaycan prezidentinin mətbuat xidməti qeyd edir. **
R.Əhmədov