Misir Prezidenti Əbdülfəttah Əs-Sisi 2024-cü ildə Qahirədə Azərbaycan və Misir arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclasının keçirilməsinin planlaşdırıldığını bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, o qeyd edib ki, 27-28 yanvar tarixlərində Azərbaycana səfəri çərçivəsində aparılan danışıqlar zamanı Misir və Azərbaycan arasında ticarətin inkişaf etdirilməsinin vacibliyini bildirib.
“Bu məsələ 2024-cü ildə Qahirədə keçirilməsi planlaşdırılan Misir-Azərbaycan Müştərək Komissiyasının altıncı iclasının gedişində iki ölkə tərəfindən diqqətlə öyrəniləcək”, - deyə o bildirib.
Misir Prezidenti, həmçinin Qahirə və Bakı arasında birbaşa aviareyslərin açılması mümkünlüyünü də diqqətə çatdırıb.
Müştərək Komissiyanın iclası sonuncu dəfə 2022-ci il fevralın 25-də Bakıda keçirilib. Komissiyanın Azərbaycan tərəfdən həmsədri rəqəmsal inkişaf və nəqliyyat naziridir.*
R.Kərimov