Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak etmək üçün bu həftəsonu Azərbaycana səfər edəcək. Bu barədə Avropa Komissiyasından məlumat verilib.
Avropa Komissiyasının dərc etdiyi həftəlik tədbirlər təqviminə (30 yanvar-5 fevral) əsasən, K.Simson 2-4 fevral tarixlərində Bakıda olacaq, fevralın 3-də CQD Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak edəcək.
Prezident İlham Əliyev 2018-ci il mayın 29-da Cənub Qaz Dəhlizini işə salıb. Layihənin dəyəri $33 milyard təşkil edib.
CQD layihəsinin əsas komponentləri bunlardır: “Şahdəniz” layihəsi üzrə “Mərhələ-2”, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu qaz kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi.
CQD ilə ildə 16 milyard kubmetr həcmində Azərbaycan qazının ixrac edilməsi nəzərdə tutulub. Bunun 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyənin qərb regionlarına nəql olunacaq. Türkiyəyə qaz ixracına 2018-ci ilin yayından başlanılıb. “Şahdəniz” yatağından hasil olunan Azərbaycan qazının Avropaya, İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılar üçün nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.
Azərbaycan qazına tələbatın artması ilə əlaqədar Avropaya ən azı 20 milyard kubmetr qazın ixrac edilməsi (2027-ci ilədək – İF) üçün TANAP və TAP qaz kəmərlərinin gücünün artırılması hesabına CQD-nin genişləndirilməsi planlaşdırılır.
Azərbaycan 2020-ci il dekabrın 31-də Avropaya qaz ixracına başlayıb. Hazırda Aİ-də Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.
2022-ci ildə Azərbaycan ixracın həcmini 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (2021-ci illə müqayisədə artım 12,3%) ixrac olunub ki, bu da Azərbaycanın bütün ixracının 51%-ni təşkil edir.
2023-cü ildə qaz ixracının 24 milyard kubmetr təşkil edəcəyi proqnozlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.*
R.Kərimov