Yaxın vaxtlarda Bakıda Gürcüstan-Rumıniya yüksək gərginlikli sualtı elektrik ötürücü xətti vasitəsilə Azərbaycandan yaşıl enerjinin Avropaya ixracı layihəsi üzrə rəhbər komitənin birinci iclası keçiriləcək.
“Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq və bu gün bu məsələlər bir daha müzakirə edildi. Bir neçə gündən sonra Bakıda keçiriləcək birinci rəhbər komitədə bu layihədə cəmləşən ölkələr – Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya bir araya gələrək gələcək fəaliyyətin konsepsiyası üzərində işləməyə başlayacaqlar”, - deyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın baş naziri Viktor Orbanla yanvarın 30-da Budapeştdə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
Dövlət başçısı əlavə edib ki, bu, çox böyük sərmayə və çox ciddi koordinasiya tələb edən layihədir.
“Burada həm yaşıl enerjinin istehsalı, ötürülməsi, bazarlara çatdırılması, eyni zamanda, Qara dənizin dibi ilə kabelin çəkilməsi - bütün bu layihələr böyük maliyyə mənbəyi tələb edir, eyni zamanda, çox ciddi koordinasiyanı tələb edir. Ona görə biz Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcək”, - deyə İ.Əliyev qeyd edib.
Öz növbəsində, Orban bildirib ki, Macarıstan artıq Bolqarıstanın, Rumıniyanın, Slovakiyanın enerji şirkətləri ilə danışıqlara və əməkdaşlığa başlayıb ki, buraya lazımi vəsait cəlb edilsin.
“Mən çox şadam ki, Macarıstan həll yolunun - problemin deyil, həll yolunun tərkib hissəsi olacaqdır. Aydın məsələdir ki, infrastruktur layihələrinin inkişafına böyük ehtiyac olacaq. Burada nəhəng vəsaitlərdən söhbət gedir, böyük layihələr həyata keçirilməlidir. Biz artıq Bolqarıstanın, Rumıniyanın, Slovakiyanın enerji şirkətləri ilə danışıqlara və əməkdaşlığa başlamışıq ki, buraya lazımi vəsait cəlb edilsin. Rumınlar, bolqarlar və macarlar artıq əməkdaşlığa başlayıblar. Bu, təkcə regional deyil, bu, pan-Avropa məsələsidir. Ona görə bizim gözləntimiz odur ki, Avropa Komissiyası bu layihələri dəstəkləyəcək”, - deyə o vurğulayıb.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında” saziş imzalanıb. Saziş Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutur. Söhbət enerji ötürmə gücü 1000 MVt olan 1195 km uzunluğunda elektrik verilişi xəttinin tikintisindən gedir. Kabel Azərbaycanda istehsal edilən elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırılaraq, Macarıstana və Avropanın qalan hissəsinə nəql edilməsi üçün nəzərdə tutulacaq.
Hazırda layihə üzrə işlər 2023-cü ilin sentyabrında başa çatdırılması planlaşdırılan texniki-iqtisadi əsaslandırmanın hazırlanması mərhələsinə keçib. Xəttin 3-4 il ərzində çəkilməsi planlaşdırılır.
Avropa Komissiyası dünyada ən uzun kabelin çəkilməsi üçün 2,3 milyard avro ayırıb.*
N.Abbasova