Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, Azərbaycan bu gün enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir.
“Bu gün beynəlxalq münasibətlərdə olan mühit əvvəlkindən olduqca təhlükəlidir. Bizim qonşuluğumuzda baş verən müharibə və Brüssel tərəfindən tətbiq edilmiş sanksiyalar Macarıstan üçün olduqca təhlükəli bir vəziyyət yaradıb, bizim enerji təhlükəsizliyimiz, Avropanın enerji təhlükəsizliyi həssas məqama qədəm qoyub. Burada yaranan bu şərait Azərbaycanın əhəmiyyətini dərhal artırdı. Azərbaycan hər zaman bizim dostumuz olub, indi isə o, artıq bütün Avropa üçün strateji tərəfdaş olan ölkədir”, - deyə V.Orban yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bunu bu gün Avropada hər kəs anlayır ki, bizim bu vəziyyətə olan cavabımız şaxələndirmədir. “Müxtəlif mənbələrdən maksimal dərəcədə nəql edilə biləcək həcmdən söhbət gedir”, - deyə baş nazir əlavə edib.
“Mən çox şadam ki, cənab Prezident Əliyev vaxt tapıb bizə səfər edib. Bu gün, əlbəttə ki, enerji və qazla zəngin olan ölkənin dostları çox olur, amma əmin etmək istərdim ki, biz Azərbaycanla bundan çox uzun müddət əvvəl dost olmuşuq və bu əməkdaşlığa görə cənab Prezidentə təşəkkür edirəm”. – deyə V.Orban vurğulayıb.
Öz növbəsində, İ.Əliyev bildirib ki, Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək.
“Əlbəttə, enerji təhlükəsizliyi məsələləri bugünkü dünyada xüsusi əhəmiyyət daşıyır və hesab edirəm ki, dünya gündəliyinin ön sıralarındadır. Azərbaycanın zəngin neft-qaz resursları imkan verir ki, uzun illər bundan sonra - təbii qazla bağlı ən azı yüz il bundan sonra Avropa üçün etibarlı tərəfdaş olsun. Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı məhz belə də adlandırır: etibarlı tərəfdaş”, - deyə o əlavə edib.*
R.Əhmədov