Çərşənbə axşamı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov telefon danışığı zamanı ikitərəfli münasibətləri, regionda sülh və sabitliyin təmin edilməsi üzrə tədbirləri, o cümlədən Laçın yolu ətrafında vəziyyəti müzakirə ediblər.
Azərbaycan XİN məlumat verir ki, söhbət zamanı Bayramov Üçtərəfli Bəyanata zidd olaraq Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətin və Laçın yolundan sui-istifadənin dayandırılması barədə etirazçıların tələblərinin hələ də yerinə yetirilmədiyini təəssüflə qeyd edib. O əlavə edib ki, blokada və humanitar vəziyyət barədə iddiaların (Azərbaycana ünvanlanan - İF) heç bir əsası yoxdur.
Bayramov vurğulayıb ki, Ermənistan tərəfinin təxribatları Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinə, kommunikasiya xətlərinin açılmasına, sülh sazişi istiqamətində qısa müddətdə razılığın əldə edilməsinə maneçilik törədir.
“Telefon danışığı zamanı, nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb”, - Azərbaycan XİN vurğulayıb. **
R.Əhmədov