İran bir sıra beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın Tehrandakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunu pisləyən bəyanatların qəbul olunmasının qarşısını almağa çalışır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
“Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunun beynəlxalq səviyyədə pislənməsi, terror aktını təşkil edənlərin və törədənlərin müəyyənləşdirilərək tezliklə cəzalandırılması, eləcə də Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi barədə çağırışların yer aldığı müvafiq sənədlər qəbul edilmək məqsədilə aidiyyəti beynəlxalq təşkilatlar və platformalara təqdim edilib”, - deyə məlumatda qeyd edilib.
Sözügedən terror aktı törədiləndən indiyə qədər səfirliyimizə qarşı silahlı hücum ayrı-ayrılıqda 100-ə yaxın ölkə və bir sıra beynəlxalq təşkilatların katiblikləri tərəfindən pislənib və bu aktı törədənlərin cəzalandırılmasının zəruriliyi verilmiş bəyanatlarda vurğulanıb.
“İran tərəfi üzvü olduğu və qərarların konsensusla qəbul edildiyi beynəlxalq təşkilatlarda terror hücumunun beynəlxalq müstəvidə geniş şəkildə ifşa olunmasının qarşısının alınmasına çalışıb. Bu xüsusda, hücumdan dərhal sonra Qoşulmama Hərəkatının (QH) Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) Azərbaycan tərəfindən təqdim edilmiş kommünike və bəyanat layihələrinə İran tərəfi etiraz edib və bu sənədlərin qəbuluna mane olub”, – deyə XİN-dən bildirilib.
İran tərəfi bununla yanaşı, sözügedən təşkilatlarda öz mövqeyinə dəstək məqsədilə bir çox ölkələrə müraciət etsə də, Qoşulmama Hərəkatında 120 ölkə arasından İranın mövqeyinə dəstək verən yalnız Suriya və Hindistan olub. Bu üç ölkə sözügedən sənədlərin qəbuluna qarşı çıxan zaman səsləndirdiyi əsas iddia guya əvvəllər Qoşulmama Hərəkatında ayrı-ayrı ölkələrdə terror hücumlarının pislənmədiyi və bu ölkələr arasında ikitərəfli məsələlərin Qoşulmama Hərəkatı kimi beynəlxalq platformalara gətirilmədiyi olub.
“İran tərəfinin bu təxribatçı addımını pisləyir və beynəlxalq öhdəliklərinə riayət etməsinin zəruri olduğunu bildiririk. Azərbaycan tərəfi səfirliyinə qarşı terror aktının geniş şəkildə pislənməsi və terror aktını törədənlərin cəzalandırılması üçün bütün müvafiq beynəlxalq platformalardan istifadə edəcək”, - deyə məlumatda qeyd edilib.
Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycan hökuməti terror aktı kimi qiymətləndirdiyi bu hadisədən sonra Tehrandakı səfirliyin bütün əməkdaşlarının və onların ailə üzvlərinin təxliyə edilməsini qərara alıb. Təxliyə yanvarın 29-da baş tutub.
Hazırda Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyət göstərmir.*
R.Əhmədov