Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ildə illik inflyasiyanın 8%-dək azalacağını proqnozlaşdırır.
“2022-ci ildə illik inflyasiya 14.4% olub. İnflyasiya sentyabrda pik səviyyəyə (15.6%) çatıb. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq inflyasiyası 19% olmaqla yüksək olaraq qalır”, - deyə AMB-nin uçot dərəcəsi ilə bağlı məlumatında bildirilir.
AMB qeyd edir ki, hazırda dünyada geosiyasi vəziyyət nəzərə alınmaqla inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır.
“2022-ci ilin dekabrında keçirilən sorğuların nəticələrinə görə inflyasiya tempinin yüksələcəyini gözləyən ev təsərrüfatlarının payı 2 faiz bəndi artaraq 22%-ə yüksəlib. Ümumilikdə illik inflyasiya azalmaya meyil göstərsə də, onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir. Yenilənmiş proqnozlara görə baza ssenari üzrə fərziyyələr sabit qalarsa, 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı gözlənilir”, - deyə məlumatda vurğulanır.
İnflyasiya mühitində qeyd olunan risklərə reaksiya olaraq Mərkəzi Bank monetar şərait vasitəsilə inflyasiyanı azaltmağa çalışır.
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9%-dək (2021-ci ildə 6,7%) artıb. Azərbaycan hökuməti inflyasiyanın artmasını dünyada ərzaq mallarının və idxalın bahalaşması ilə əlaqələndirir.
2023-cü ildə Azərbaycanda orta illik inflyasiya proqnozu 6,9% təşkil edir.*
A.Əzizov