Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb.
Yerli KİV-lərin yaydığı məlumata görə, özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.
“Onlar topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər”, - deyə məlumatda bildirilir.
KİV-lərin ötən gün yaydığı məlumata görə, Azərbaycanda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Əməliyyat keçirilən məkanlar arasında “SalamNews” informasiya agentliyi və “İnteraz” telekanalı da var. DİN əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində 7 nəfər şübhəli şəxs qismində tutulub.*
R.Əhmədov