2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində dörd yeni müəssisənin istifadəyə verilməsi planlaşdırılır. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, 2023-cü ildə “Azerbaycan Vanhong Ceramics Co.” (keramik plitələrin istehsalı), “AK Pack” (mat və parlaq ambalaj), “Novus Plastica” (polimer məhsullarının emalı müəssisəsi) və “UPI - Universal Packing İndustry” (qablaşdırma məhsulları) istehsal fəaliyyətinə başlayacaq.
E.Nuriyev qeyd edib ki, hazırda “Azerbaycan Vanhong Ceramics Co” müəssisəsində işlər 80% tamamlanıb və aprel-may aylarında müəssisənin istifadəyə verilməsi gözlənilir.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Hazırda 31 biznes subyekti SKSP-nin rezidenti statusuna malikdir.*
B.Rüstəmbəyov