“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında (Şərqi Zəngəzur iqtisadi rayonu) ilk müəssisə 2023-cü ilin sonunda fəaliyyətə başlayacaq. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.
“Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında iki sahibkarlıq subyekti rezident, bir subyekt isə qeyri-rezident statusu alıb. Burada ilk müəssisə 2023-cü ilin sonunda fəaliyyətə başlayacaq”, - deyə o, bu gün mətbuat konfransında bildirib.
Sədr qeyd edib ki, Ağdam Sənaye Parkında (Qarabağ iqtisadi rayonu) 12 sahibkarlıq subyekti rezident statusu alıb, daha 3 biznes subyekti isə qeyri-rezident statusuna malikdir.
Bu şirkətlər tərəfindən Qarabağ iqtisadi rayonunda həyata keçirilən layihələrə investisiya qoyuluşu 66 milyon manat məbləğində qiymətləndirilir. “Burada ilk müəssisənin 2023-cü ilin sonunda istifadəyə verilməsi planlaşdırılır”, - deyə E.Nuriyev əlavə edib.
Prezident İlham Əliyev 2021-ci il mayın 28-də “Ağdam Sənaye Parkının yaradılması haqqında” fərman imzalayıb. Sənaye Parkının ərazisi 190 hektardır. Ağdam Sənaye Parkında orta və uzunmüddətli dövrdə müəssisələrin yaradılmasına 100 milyon manat məbləğində investisiya qoyuluşu nəzərdə tutulur.
Prezident İlham Əliyev 2021-ci il oktyabrın 4-də “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye Parkı 200 hektar ərazini əhatə edəcək. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, logistika işinin təşkili, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye sahəsində rəqabətqabiliyyətli məhsul istehsalı, emalı (təkrar emalı) və satışı, habelə xidmətlər göstərilməsi üçün istifadə edilən, sahibkarların səmərəli çalışmasına və inkişafına kömək edən ərazidir.*
B.Rüstəmbəyov