Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Peşəvərdə məsciddə partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Pakistan prezidentiArif Alviyə başsağlığı məktubu ünvanlayıb.
“Peşəvər şəhərindəki məsciddə törədilmiş partlayış nəticəsində çox sayda insanın həlak olması və yaralanması barədə xəbər bizi olduqca kədərləndirdi. Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik. Baş vermiş bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”, - Azərbaycanın dövlət başçısının saytında dərc olunmuş məktubda deyilir.
Yanvarın 30-da Pakistanın şimalında Pişəvər şəhərində məsciddə namaz vaxtı intiharçı-terrorçunun hücumundan sonra məscidddə partlayış baş verib.
Partlayış nəticəsində 100-dən çox şəxs həlak olub, daha 50 nəfərdən çoxu yaralanıb.
Partlayışa görə “Təhrik-e-Taliban Pakistan” terror təşkilatı məsuliyyəti öz üzərinə götürüb. **
N.Abbasova