Rəsmi Bakı Buxarest ilə ticarət dövriyyəsinin şaxələndirilməsi üçün əlavə addımlar atacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir. Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq və ümid edirəm ki, hökumətlərarası komissiyanın fəaliyyəti məhz bu məqsədi güdəcək”, - Əliyev cümə axşamı Bakıda Rumıniya prezidenti Klaus Yohannislə mətbuata bəyanatlarla çıxışında bildirib.
Eyni zamanda, Azərbaycan lideri vurğulayıb ki, “ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil”.
Əliyev enerji əməkdaşlığına toxunaraq qeyd edib ki, uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var.
O cümlədən, Əliyev bu yaxınlarda Azərbaycandan təbii qazın Rumıniyaya çatdırılmasına dair sazişin imzalandığını xatırladaraq vurğulayıb ki, ikitərəfli əməkdaşlıq yeni mərhələyə çıxır. “Beləliklə, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir, - Azərbaycan prezidenti əlavə edib. **
X.Nəsirzadə