İtaliya idxal edilən qaz həcmlərini ildə 30 milyard kubmetrə qədər artırmağa imkan verəcək yeni infrastruktur yaradacaq. Bu sözləri İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratin deyib.
“İtaliya ilə Azərbaycan arasında əlaqələr yüksələn xətlə inkişaf edir. İtaliya Azərbaycanın Avropaya ixrac etdiyi qazın həcmini artırmaq üçün Trans-Adriatik (TAP) qaz kəmərinin imkanlarını daha artırmaq istiqamətində işləri davam etdirir. Azərbaycan böyük qaz ehtiyatına malikdir və 2027-ci ildə Avropaya qaz ixracının həcmini 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdıracaq. Buna görə də İtaliya yeni infrastruktur yaradır ki, gələcəkdə 30 milyard kubmetrə qədər qazı qəbul edib paylaya bilsin”, - deyə o, fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında bildirib.
P.Fratin qeyd edib ki, Cənub Qaz Dəhlizi Azərbaycanın irəli sürdüyü ən vacib beynəlxalq əhəmiyyətli enerji layihəsidir.
Hazırda İtaliya Avropada Azərbaycan qazının əsas alıcısıdır.*
B.Rüstəmbəyov