Fevralın 3-də Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında görüş keçirilib.
“Biz yanvarın 30-da Budapeştdə xarici işlər naziri Ceyhun Bayramovla görüşərək ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini yaxşılaşdırmaqla bağlı razılığa gəldik. Bu mənada bu gün Bakıda birgə işi davam etdiririk”, - deyə o, sosial şəbəkədə yazıb.
Siyartonun sözlərinə görə, Azərbaycan və Macarıstan bir-birini yaxşı tanıyan köhnə dostlardır.
“Məqsədimiz Azərbaycandan təbii qazı Macarıstan bazarına mümkün qədər tez çatdırmaqdır”, - deyə macarıstanlı nazir qeyd edib.
Siyarto əlavə edib: “Azərbaycan qazı olmadan real şaxələndirmə olmayacaq! Macarıstan artıq yaxın vaxtlarda Azərbaycan qazının alınmasına başlayacağına ümid edir. Bunun üçün Budapeşt ərazisindən Azərbaycan qazının nəql olunacağı Türkiyə ilə danışıqlar aparır”.*
R.Əhmədov