Belqrad 2024-cü ilin əvvəlində Azərbaycandan qaz almağa ümid edir. “İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, bunu Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedovic deyib.
“Serbiya Cənub Qaz Dəhlizi layihəsində sonrakı mərhələdə daha fəal iştirak etməyə başlayıb, lakin biz bu marşrutun bir hissəsi olmaq üçün səylə çalışırıq. Bu, bizə qaz təchizatı mənbələrimizi şaxələndirməyə və onların təhlükəsizliyini təmin etməyə imkan verəcək”, - deyə nazir Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin payızında Bolqarıstan-Serbiya qaz interkonnektorunun tikintisi yekunlaşacaq. “Biz qazın ilk tədarükünü 2024-cü ilin əvvəlində gözləyirik. Bu, bütün maraqlı tərəflər arasında kommersiya danışıqlarının sürətindən də asılıdır və ümid edirik ki, Azərbaycandan qazın Serbiya istiqamətində qısa zamanda nəqli üçün danışıqlarda maksimum səmərəliliyə nail olacağıq”, - deyə Djedovic vurğulayıb.
O qeyd edib ki, Bakıda Azərbaycan nümayəndələri ilə tədarük ediləcək qazın həcmi və qiyməti, eləcə də Azərbaycandan elektrik enerjisinin alınması ilə bağlı danışıqlar aparmağı planlaşdırır.
Xəbər verildiyi kimi, Serbiya qaza olan tələbatının təxminən 40%-ni Azərbaycandan tədarük hesabına ödəməyi planlaşdırır.*
R.Əhmədov