Ukrayna Xəzər regionundan təbii qazın Avropa İttifaqına üzv dövlətlərinə nəqli prosesində sərbəst güclər təqdim etməyə hazırdır. Bu barədə Ukrayna Energetika Nazirliyi nazir müavini Nikolay Kolesnika istinadən məlumat verir.
“Əsas qərar mövcud infrastrukturun - Trans-Balkan qaz kəmərinin gücündən istifadəyə əsaslanır. Ukrayna QNS operatoru üçün bu dövlətlərarası birləşmə nöqtələri üzrə xidmətlərin yeni sifarişçilərinin cəlb edilməsi imkanıdır”, - nazir müavini Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclasında bəyan edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Kolesnikin sözlərinə görə, Aİ ölkələrində əksər yeraltı qaz anbarları dolu olduğu şəraitdə artıq bir neçə aydan sonra qaz doldurulması mövsümü başlanacaq və bu Ukrayna QNS-ə marağın artmasına imkan yaradır.
O qeyd edib ki, Kiyevin Azərbaycanla əməkdaşlığı çərçivəsində əsas infrastruktur layihələrdən biri, Xəzər regionundan Aİ bazarlarına neft nəqli üşçün yeni marşrutun yaradılması məqsədilə Avrasiya Neft Nəqliyyat Dəhlizi layihəsidir.
“Biz Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılmasında maraqlıyıq və təbii qazın tədarükü yollarının şaxələndirilməsi çərçivəsində əəməkdaşlığa hazırıq”, - nazir müavini vurğulayıb.
O əlavə edib ki, Aİ, ABŞ, Türkiyə və Azərbaycanla əməkdaşlıq Ukraynanın strateji maraqlarının sırasına daxildir. **
İnformasiya şöbəsi