Bakı və Tirana 700 milyon kubmetr Azərbaycan qazının Albaniyaya tədarükü imkanı üzərində işləyirlər. Bu barədə Albaniyanın energetika və infrastruktur nazirinin müavini İlir Beytiya bəyan edib.
"Albaniya ərazisində ümumi gücü 7,5 milyard kubmetr olan TAP qaz kəmərindən üç çıxış nöqtəsi var. Hal-hazırda biz istilik elektrik stansiyasının yerləşdiyi Vlera şəhərinə qaz çatdıra biləcəyimiz qərb nöqtəsindən 700 milyon kubmetr qaz tədarükü imkanı üzərində çalışırıq", - Beytiya CBC Azərbaycan telekanalına müsahibəsində bildirib.
“İnterfaks-Azərbaycan” qeyd edir ki, onun sözlərinə görə, öncə İES dizel yanacağı ilə fəalyyət göstərmək üçün layihələndirilib. “Hazırda isə onun təbii qaza keçidi üzrə işlər aparılır, lakin bu uzun prosesdir”, - nazir müavini əlavə edib.
“Biz, həmçinin TAP qaz kəmərinin ölkəmizin qaz sisteminə daha yaxşı qoşulması üçün SOCAR ilə işləyirik. İnterkonnektorlar tikmək, o cümlədən, şərq regionunda, xüsusilə iri Korça şəhərində qaz şəbəkəsini inkişaf etdirmək zəruridir. Bu, çox soyuq bölgədir, burada elektrik enerjisinin istehsalı üçün təbii qazdan istifadə etmək, həmçinin ondan əsas enerji mənbəyi kimi istifadə etmək mümkündür. Bizə SOCAR-ın texniki yardımı göstəriləcək, bzim birlikdə fəaliyyət göstərəcəyimiz mümkündür”, - Beytiya deyib.
Eyni zamanda, Beytiya məlumat verib ki, Albaniya Azərbaycanın Avropaya ixrac edəcəyi ikinci 10 milyard kubmetrdən (TAP qaz boru kəmərinin genişlənməsindən sonra - İF) həcmlər ehtiyat toplamağı planlaşdırır.
“Beləliklə, biz Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan qazın istehlakçıları olmağa ümid edirik”, - o bildirib.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyətinin 2027-ci ilədək ildə 20 milyard kubmetrə qədər artırılması planlaşdırılır.
2021-ci ildə Avropaya 8,2 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kubmetr qaz ixrac edilib. 2023-cü ildə qaz ixracı təxminən 12 milyard kubmetr həcmində proqnozlaşdırılır.
**
B.Rüstəmbəyov