Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa regionu üzrə Dövlət naziri Leo Dokerti ilə telefon danışığı baş tutub.
“Telefon danışığı zamanı tərəflər Azərbaycan-Böyük Britaniya ikitərəfli gündəliyinin aktual məsələlərini, bölgədə yaranmış son vəziyyəti və Azərbaycanla Ermənistan arasında sülh prosesinin perspektivlərini müzakirə ediblər”, - Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilir.
Bayramov Laçın yolu ətrafında yaranmış son vəziyyət barədə Dokertiyə məlumat verib. Həmçinin, Azərbaycan XİN başçısı qeyri-qanuni iqtisadi fəaliyyətə, Laçın yolunun sui-istifadəsinə qarşı həyata keçirilən etirazların Azərbaycan xalqının legitim hüququ olduğunu, blokada və humanitar vəziyyət ilə bağlı iddiaların heç bir əsasının olmadığını, humanitar yüklərin daşındığı və indiyə qədər yoldan 2 minə yaxın avtomobilin istifadə etdiyini qeyd edib.
“Həmçinin, Ermənistanın öhdəliklərə riayət etməməsi, habelə post-münaqişə dövründə normallaşma prosesinə yaratdığı maneələr və silsilə təxribatlar, sülh sazişi üzrə sonuncu Moskva görüşünü boykot etməsi barədə Dokerti məlumatlandırılıb. Bayramov Azərbaycanın sülh gündəliyini irəlilədən və bölgədə yenidənqurma işləri aparan bir dövlət kimi normallaşma prosesində maraqlı olduğunu vurğulayıb”, - məlumatda deyilir.
Dövlət naziri öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumu qətiyyətlə pisləyib. O, bölgədə sülhə mane olan çətinliklərin aradan qaldırılmasının, danışıqların bərpa olunmasının vacib olduğunu bildirib. **
N.Abbasova