Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Türkiyədə baş vermis güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə yardımlardan ibarət iki təyyarə yola salacaq.
“Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınacaq”, - nazirliyin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata əsasən, təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək.
“Hospital dörd funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, üç köməkçi konteynerdən və üç hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunub. Mobil səhra hospilatında FHN-in peşəkar tibbi heyəti xidmət aparacaq. Hospital lazımi bütün dərman və preparatlarla təchiz olunub”, - məlumatda deyilir.
İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar yola salınacaq.
Xəbər verildiyi kimi, bazar ertəsi səhər saatlarında Türkiyənin cənubunda güclü zəlzələ baş verib. Bundan sonra baş vermis yeraltı təkanlar Türkiyənin bir neçə vilayətində, o cümlədən Suriya ərazisində miqyaslı dağntılara səbəb olub.
Türkiyə Səhiyyə Nazirliyinin yenilənmiş məlumatına əsasən, Türkiyənin cənubunda zəlzələ nəticəsində həlak olanların sayı 1651 nəfərə qədər artıb. Daha 11,119 min nəfər yaralanıb.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sözlərinə görə, artıq 45-ə yaxın ölkə dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün zəruri yardım təklif edib. **
N.Abbasova