Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2023-2025-ci illərdə Azərbaycanda layihələrin həyata keçirilməsinə $750 milyon məbləğində vəsait ayırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın Bakı ofisinin rəhbəri Kamola Mahmudova deyib.
“AYİB-in Azərbaycanda gözlənilən 3 illik (2023-2025-ci illər) investisiya paketi $750 milyon təşkil edir. Bu məbləğin təxminən $300 milyonunu bu il ayırmağı planlaşdırırıq”, - deyə o bildirib.
K.Mahmudovanın sözlərinə görə, layihələr enerji, nəqliyyat, maliyyə, kiçik və orta sahibkarlığın inkişafı layihələrini əhatə edəcək.
Nəqliyyat sahəsinə gəlincə, o vurğulayıb ki, bu layihələr Azərbaycanın Avropa ilə Asiyanı birləşdirmək üçün Orta Dəhlizə inteqrasiyasına kömək edəcək.
Bakı ofisinin rəhbəri əlavə edib ki, 2022-ci ildə AYİB Azərbaycana 86 milyon avro məbləğində vəsait (9 layihənin həyata keçirilməsi üçün - İF) ayırıb, bu məbləğin 71%-i yaşıl enerjinin payına düşüb.
Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. AYİB bu günədək respublikada 185 layihənin maliyyələşdirilməsinə 3,8 milyard avroya yaxın vəsait ayırıb. Hazırda bankın respublika üzrə aktiv portfelinə 33 layihə daxildir və onların həyata keçirilməsinə 800 milyon avrodan çox vəsait ayrılıb.*
B.Rüstəmbəyov