Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələrin aparılmasını vacib hesab edir.
O, bu fikri fevralın 7-də Konqo Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri David Madukanın etimadnaməsini qəbul edərkən bildirib.
“Dövlət başçısı Qoşulmama Hərəkatı çərçivəsində BMT Təhlükəsizlik Şurasında islahatlarla bağlı müzakirələrin aparılmasının vacibliyinə toxunub, Azərbaycanın Hərəkatın sədri olan dövlətin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzvü olması barədə təşəbbüslə çıxış etdiyini bildirib. Prezident İlham Əliyev bu məsələ ilə əlaqədar Qoşulmama Hərəkatına üzv dövlətlər arasında məsləhətləşmələrin aparılmasının önəminə toxunub. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu il başa çatdığını xatırladaraq, ölkəmizin bu məsələni institusional mexanizm kimi formalaşdırmaq niyyətində olduğunu, Hərəkata sədrlik edəcək dövlətlərin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasının daha ədalətli yanaşma olacağını qeyd edib”, - deyə prezidentin saytında dərc olunmuş məlumatda bildirilib.
O, Azərbaycanın Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində Konqo ilə əməkdaşlıq etdiyini vurğulayıb. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin sədrlik müddətinin uzadılmasına göstərdiyi dəstəyə və etimada görə Konqo tərəfinə təşəkkürünü ifadə edib.
Prezident İlham Əliyev ölkəmizin yaxın vaxtlarda Qoşulmama Hərəkatının Təmas Qrupu çərçivəsində növbəti zirvə toplantısına (2023-cü ilin mart ayında Bakıda keçiriləcək – İF) ev sahibliyi edəcəyini bildirib.
O, Azərbaycan ilə Konqo arasında siyasi, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi üçün imkanların mövcudluğunu qeyd edib və bu istiqamətdə əlaqələrimizin daha da fəallaşdırılmasının vacibliyini vurğulayıb.
David Maduka Qoşulmama Hərəkatına sədrlik edən dövlətin BMT-də aparılacaq islahatlar çərçivəsində rotasiya qaydasında BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması məsələsinin çox maraqlı və yaxşı təklif olduğunu qeyd edib.
“Görüşdə ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunub.*
R.Kərimov