Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoyun etimadnaməsini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərin artırılmasının vacibliyi vurğulanıb”, - deyə məlumatda bildirilib.
Dövlət başçısı Azərbaycan ilə Vyetnam arasında ikitərəfli səviyyədə və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əsasda yaxşı əməkdaşlığın həyata keçirildiyini, təhsil sahəsində çox yaxşı əlaqələrin olduğunu qeyd edib.
Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq layihələrinin həyata keçirilməsində Vyetnam şirkətlərinin də iştirakının mümkünlüyü məsələsinə də toxunub, həmin şirkətləri bu işlərdə iştiraka dəvət edib.
Dövlət başçısı BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyi məsələsinə də toxunub, bu xüsusda Qoşulmama Hərəkatının sədr dövlətinin BMT Təhlükəsizlik Şurasında rotasiya qaydasında daimi üzv kimi təmsil olunmasının zəruriliyini bildirib.
Səfir Danq Min Xoy Vyetnamın Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini dəstəklədiyini, BMT Təhlükəsizlik Şurasında islahatlar və Qoşulmama Hərəkatının sədr dövlətinin bu strukturda təmsil olunması ilə əlaqədar Azərbaycanın təşəbbüsü barədə ölkəsinə məlumat verəcəyini diqqətə çatdırıb.*
R.Kərimov