Azərbaycan Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb.
“Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin daha 227 nəfərdən ibarət çevik xilasetmə qüvvələri qardaş ölkəyə yola düşüb.
Qüvvələrin tərkibinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq şəxsi heyəti daxildir. Komanda axtarış-xilasetmə işləri üçün bütün lazımi vasitələrlə təchiz olunub, onların Türkiyədə olması müddətlə məhdudlaşdırılmayıb”, - FHN-dən məlumat verilir .
Həmin xilasedicilər zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonunda fəaliyyət göstərəcəklər.
Məlumata görə, FHN-in xilasediciləri Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bazar ertəsi Türkiyənin cənubunda baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 5894 nəfərə qədər, yaralıların – 34 min 810 nəfərədək artıb. **
B.Rüstəmbəyov