Azərbaycan sülh sazişinin mətni üzrə danışıqların keçirilməsinə hazırdır, baxmayaraq ki, Ermənistan bu prosesə sümi maneələr yaradır. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bəyan edib.
“Azərbaycan Ermənistandan fərqli olaraq sülh sazişinin mətni üzrə danışıqların qısa müddət ərzində keçirilməsinin tərəfdarıdır və buna hər zaman hazırdır”, - “İnterfaks-Azərbaycan” agentliyi Hacızadənin sözlərindən sitat gətirir.
O qeyd edib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın fevralın 7-də Berlində mətbuat konfransında istinad etdiyi təkliflər bir neçə gün deyil, 15 gün bundan əvvəl Azərbaycan tərəfindən təqdim edilib.
“Ermənistan xarici işlər nazirinin bu bəyanatından göründüyü kimi, Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesi barədə yenidən manipulyasiyaya yol verir və özünü konstruktiv tərəf kimi təqdim etməklə, beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır. Məlum olduğu kimi, məhz Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlar prosesinin razılaşdırılmış gedişatını pozaraq, ötən ilin dekabr ayında danışıqlardan imtina edib. İndi isə, sülh sazişi üzrə danışıqlara qayıtmaq əvəzinə prosesə süni maneələr yaradır”, - Hacızadə bəyan edib. **
R.Kərimov