Fevralın 16-17-də Budapeştdə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək. Bu barədə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə məlumat verib.
«16-17 fevral tarixlərində Budapeştdə Hökumətlərarası Komissiyanın növbəti iclası keçiriləcək və bu prezidentin səfərindən (29-30 yanvar 2023-cü ildə Azərbaycan prezidenti İlham Əliyevin Macarıstana səfəri - İF) sonra dəstəkləyici və inkişaf etdirici element olmalıdır», - Tağızadə «Rasim Babayev ilə Müasir söhbət» YouTube kanalına müsahibəsində bildirib
Həmçinin səfir qeyd edib ki, cari ilin mart-aprel aylarında iki ölkənin rəsmi şəxslərinin qarşılıqlı səfələri planlaşdırılıb.
O əlavə edib ki, hazırda Bakı və Budapeşt imzalanması üçün iki sənəd hazırlayırlar.
Tağızadə bildirib ki, 2022-ci ilin yekunları üzrə Azərbaycan-Macarıstan qarşılıqlı ticarət dövriyyəsinin həcmi $47 milyon təşkil edib.
Səfir əlavə edib ki, Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində - Qarabağ və Şərqi Zəngəzurda layihələrdə iştirak etməkdə maraqlıdırlar. «Bilirəm ki, tikinti, su təsərrüfatının idarə edilməsi, infrastrukturun inkişafı, ağıllı kəndlərin tikintisi, nəqliyyat sahəsi, əczaçılıq sahəsində çox sayda Macarıstan şirkəti yalnız Azərbaycanla ticarət münasibətlərinin qurulmasına deyil, eyni zamanda birgə istehsal, investisiya sahələrinə də böyük maraq göstərir», - Tağızadə vurğulayıb. **
X.Nəsirzadə