Azərbaycan Türkiyədə baş vermiş zəlzələ zamanı yaralanan və zərərçəkənlərin qəbulu üçün Bakı xəstəxanalrında, ölkənin digər şəhərlərində çarpayılar nəzərdə tutub.
“Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq, Prezident Administrasiyasının rəhbərinə göstəriş verildi. O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq”, - Əliyev çərşənbə günü Türkiyənin Azərbaycandakı səfiri ilə söhbət zamanı bildirib.
Həmçinin, Əliyev məlumat verib ki, böyük bir qrup könüllü artıq Türkiyəyə yola düşüb.
Prezident əlavə edib ki, Azərbaycanın ictimai təşkilatları da öz dəstəyini göstərirlər.
“Mənə verilən məlumata görə, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlamışlar. Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır. Bilirsiniz ki, SOCAR-ın Türkiyədə böyük fəaliyyəti, böyük imkanları var. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır və çalışacaq”, - dövlət başçısı deyib.
Əliyev vurğulayıb ki, Azərbaycanın dövlət qurumlarının nümayəndələri Türkiyə üçün humanitar yardımın təşkilində fəaldırlar. “Bunu biz ancaq alqışlaya bilərik. Yəni, bütün Azərbaycan xalqı bu gün qardaş türk xalqının yanındadır”, - prezident bəyan edib.
O əlavə edib ki, Azərbaycan zəlzələdən zərər çəkən Türkiyənin regionlarının bərpası işlərinə qoşulmağa hazırdır. **
B.Rüstəmbəyov