Bakı-Tbilisi-Ceyhan boru kəməri (BTC) ilə neft ixracı davam edir. Bu barədə “İnterfaks-Azərbaycan”a “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.
“Bəli, neft ixrac olunur (BTC ilə - İF) və Ceyhan terminalında yüklənir. Lakin bu neft tankerlərə yükıənə bilməz”, - Bayatlı bildirib.
Həmçinin, o məlumat verib ki, BTC ilə nəql olunan neft yük göndərənləri Ceyhanda yükləmə ilə fors-major halları barədə məlumatlıdırlar.
«Ceyhan dəniz terminalının yükləmə əməliyyatlarının müvəqqəti dayandırılması ilə əlaqədar fevralın 7-də BTC ilə neft yük göndərənlərə fors-major halları barədə bildiriş göndərilib», - Bayatlı deyib
Ceyhan terminalında çən çatışmazlığı səbəbindən BTC boru kəməri ilə neft ixracı həcminin azaldılmasının mümkün olub-olmaması ilə bağlı suala “BP-Azerbaijan” şirkətinin nümayəndəsi qeyd edib ki, “hazırda qiymətləndirmə aparılır”.
Xəbər verildiyi kimi, Türkiyədə zəlzələdən sonra Türkiyənin Ceyhan neft terminalının fəaliyyəti dayandırılıb. Son məlumatlara əsasən, zəlzələ nəticəsində artıq 8,5 min nəfər həlak olub.
Hazırda “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunan neft və “Şahdəniz” yatağından çıxarılan kondensat, SOCAR-ın nefti, eləcə də Türkmənistan, Qazaxıstan və Rusiya nefti BTC boru kəməri ilə nəql olunur.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və ONGCVidesh (2,36%) şirkətləridir.**
N.Abbasova