Azərbaycanın tibb müəssisələri Türkiyədə zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib, onlar üçün 2 min çarpayı ayrılıb. Bu barədə Azərbaycanın səhiyyə naziri Teymur Musayev bəyan edib.
Azərbaycan və Türkiyənin səhiyyə nazirlər Teymur Musayev ilə Fahrettin Koca arasında telefon danışığı olub. Telefon danışığı zamanı Musayev Azərbaycan prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirildiyini türkiyəli həmkarının diqqətinə çatdırıb.
“Tibb müəssisələrində 2 min çarpayı ayrılıb. Ehtiyac olduğu təqdirdə, Azərbaycanlı tibb mütəxəssisləri yaralanmış şəxslərin müalicəsinə tibbi dəstək göstərməyə tam hazırdır”, - Səhiyyə Nazirliyi çərşənbə günü məlumatında Musayevin sözlərindən sitat gətirir.
Xəbər verildiyi kimi, bazar ertəsi səhər Türkiyədə güclü zəlzələ baş verib, nəticədə 9 mindən çox insan ölüb. Zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 725 əməkdaşı, o cümlədən 34 tibb işçisi cəlb olunub. **
R.Kərimov