Hazırda Azərbaycanda 30-dan çox dövlət orqanı və strukturunun məlumatları Qarabağ rəqəmsal geoinformasiya sisteminə inteqrasiya olunub. Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev deyib.
“Geoinformasiya sisteminə daşınmaz əmlak, obyektlər və tikililər haqqında məlumatlar daxil edilir. Hazırda sistemə topoqrafik xəritələr əsasında 164 minə yaxın bina və 145 minə yaxın tikili və qurğu haqqında məlumatlar daxil edilib”, - deyə o, bu gün keçirilən mətbuat konfransında bildirib.
M.Eynullayevin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə mövcud olmuş daşınmaz əmlak obyektlərinə dair 14 min arxiv qovluğu araşdırılıb, 25 min sənəd aşkar edilərək sistemə daxil edilib.
Ümumilikdə azad edilmiş ərazilərdə 399 min hektar sahədə torpaq tikinti işləri, 283 min hektar ərazidə çöl topoqrafik tədqiqatlar, 309 min hektar ərazidə çöl geobotaniki tədqiqatlar və 300 min hektar ərazidə laboratoriya işləri aparılıb.*
B.Rüstəmbəyov